
"Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırmağı qərara alıb.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov bildirib. 48 yaşlı mütəxəssisin sözlərinə görə, Diallo Quydileyenin paytaxt təmsilçisindən göndərilməsi planlaşdırılır.
O, mavritaniyalı yarımmüdafiəçinin intizamsız davranışlarını səbəb göstərib. Əhmədov bildirib ki, Diallo məşqlərə gecikdiyi üçün bir neçə dəfə cəzalandırılsa da, bundan dərs çıxarmayıb. Nəticədə onun komandadan göndərilməsi məqsədəuyğun sayılıb.
Əvəzində vaxtilə AZAL-da elə T.Əhmədovun rəhbərliyi altında çıxış etmiş ukraynalı Valeri Kutsenkonun komandaya cəlb olunması qərara alınıb.
Qeyd edək ki, "Keşlə" daha öncə Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev və Orxan Sadıqlı kimi futbolçularla yollarını ayırıb.