
"Vaqif Cavadovu AZAL komandasına mən aparmamışdım. O komandada çalışdığım vaxt futbolçu yoldaşları xahiş etmişdilər. Mən isə Cavadovun siyahımda olmadığını demişdim".
Bunu Sportnet.az-a açıqlamasında hazırda "Keşlə"yə rəhbərlik edən AZAL komandasının sabiq baş məşqçisi Tərlan Əhmədov deyib. 48 yaşlı mütəxəssis bildirib ki, 30 yaşlı hücumçu 2016-2017 mövsümünün ikinci yarısında "təyyarəçilər"in heyətinə xahişlə cəlb olunub: "Vaqifin komandaya gəlişi isə belə olmuşdu: Klub rəhbərliyinə çıxmışdılar. O vaxtlar 144 min manatlıq büdcəmiz var idi. Həmin büdcədən Vaqifə veriləcək əmək haqqım yox idi. Rəhbərlik məndən xahiş edəndə "Azərbaycan millisində oynayıb, qoy gəlsin. Amma verəcəyiniz pulunuz varsa, buyurun, verin" dedim. Elə oldu ki, 200 manata razılaşdılar və gəldi. Yəni, onu AZAL-a mən gətirməmişdim. Üstəlik, biz Vaqifi götürəndə artıq mövsümün ikinci yarısı başlamışdı".
T.Əhmədov Cavadovun həmin mövsüm sonuncu yeri tutaraq, I Diviziona enən AZAL-a köməyinin dəymədiyini də bildirib: "Bilmirəm ki, Vaqif komandamıza nə dərəcədə kömək etdi. Hər halda, həmin mövsüm AZAL 8 komanda arasında sonuncu yeri tutdu. Köməklik isə başqa şeydir".
Qeyd edək ki, Vaqif Cavadov iki il əvvəl AZAL-a Tərlan Əhmədovun istəyilə cəlb olunduğunu və komandaya kömək etdiyini qol.az-a müsahibəsində bildirib.