"Rəqibin böyük komanda olduğunu hamımız bilir, ona hörmət və səbrlə yanaşırıq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının XV turunda evdə "Neftçi" ilə keçirəcəkləri matç barədə danışarkən deyib.
Braziliya əsilli yarımmüdafiəçi bildirib ki, hər iki komandanın keyfiyyətli oyunçuları var. Onun sözlərinə görə, hələ çempionun kim olacağını demək olmaz: "Hələ mövsümün yarısı geridə qalıb. İrəlidə bizi çətin matçlar gözləyir".
Azarkeşləri 12-ci oyunçu adlandıran Almeyda bildirib ki, matçın harada keçirilməsi önəmli deyil.
Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlanacaq.