İspaniya La Liqasının XXIII turunun mərkəzi görüşü "Atletiko" və "Real Madrid" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Metropolitano" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 13-cü dəqiqədə "kral klubu"nun braziliyalı futbolçusu Kazemiro açıb. Meydan sahiblərindən 25-ci dəqiqədə Antuan Qrizmann bərabərlik qolunu vurub. 42-ci dəqiqədə "Real Madrid"in kapitanı Serxio Ramos penaltini dəqiq yerinə yetirib. Son nöqtəni isə Qaret Beyl 74-cü dəqiqədə qoyub. Uelsli hücumçu "kral klubu"nun heyətində 100-cü qoluna imza atıb. "Atletiko" görüşü azlıqda başa vurub. 80-ci dəqiqədə Tomas Partey qırmızı vərəqə alıb.
Bununla da ardıcıl 5-ci qələbəsini qazanan "Real Madrid" xallarını 45-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. 44 xala malik "Atletiko" isə 3-cü pilləyə enib. Turnir cədvəlinə 50 xalla "Barselona" başçılıq edir. Kataloniya komandası bu tur "Atletik"lə üz-üzə gələcək. Görüş fevralın 10-da Bilbaoda keçiriləcək.