"Bizim üçün ağır oyun idi, çox ciddi hazırlaşmışdıq. Matçın mahiyyətini çox gözəl başa düşdürdük. Dünən "Keşlə"nin də xal itirməsindən sonra 2 pillə yüksəlmək imkanımız vardı və bunu bacardıq".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin kapitanı Kamal Bayramov Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib. 34 yaşlı qapıçı bildirib ki, hədəfləri yuxarı pillələrə qalxmaq və avrokuboka vəsiqə qazanmaqdır: "Sumqayıt" həftə ərzində məşqçilər korpusu tərəfindən yaxşı analiz olunmuşdu. İlk hissədə verilən tapşırıqları yerinə yetirdik. Düşdüyümüz durum bizi hesabı qorumağa sövq edir və bu, futbolçularda psixoloji gərginlik yaradır. Fasilədən sonra müdafiədə daha etibarlı oynayıb, əks-hücumlara çıxmaq istədik. Pis də alınmadı. Qol epizodlarımız olsa da, üstünlüyü artıra bilmədik".
Bayramovun sözlərinə görə, "Zirə" qış fasiləsində yaxşı transferlər həyata keçirib: "Mfo Kqasvane, İsmael Fofana, Robin Nqalade kimi oyunçular götürmüşük. Hamısı istedadlı uşaqlardır. Sadəcə, komandaya yeni gələndə tam formada deyildilər. İrəlidəki turlarda bizə daha çox kömək edəcəklər. Məqsədimiz Avropa Liqasına düşməkdir. Heyətimiz də buna imkan verir".
"Zirə" martın 3-də XIX tur çərçivəsində "Qəbələ"ni qəbul edəcək. Kapitan hər oyunun onlar üçün final xarakteri daşıdığını deyib: "Bundan sonra hər oyun "Zirə" üçün bir finaldır. "Qəbələ"nin yaxşı hücum xətti var. Bunu dəfələrlə sübut ediblər. Ağır oyun olacaq".
Anar Nəzirovun qış fasiləsində "Qəbələ"yə keçidindən sonra "Zirə"nin əsas heyətində yer alan Bayramov kollektivdə onda başqa da çox yaxşı qapıçıların olduğunu deyib: "Mənim üçün əsas qapıçı anlayışı yoxdur. İstər Orxan Sadıqlı, istərsə də Abdulla Seyidəhmədov istedadlı oyunçulardır. Hər ikisi gəncdir və gələcək vəd edən qapıçılardır. İşimə məsuliyyətlə yanaşıram. Ehtiyat skamyada oturan yox, meydanda olan oyunçu səhv edə bilər" (Report).