"Neftçi"nin klub televiziyası bu gün 38 yaşı tamamlanan sabiq futbolçusu Georgi Adamiya barədə süjet hazırlayıb.
Sportnet.az-ın məlumatına görə, Adamiyanın yaşadığı Gürcüstanın paytaxtı Tbilisidə olan klub əməkdaşları ondan video-müsahibə alıb. Keçmiş hücumçusu söhbət zamanı "Neftçi" barədə xatirələrini bölüşüb, unudulmaz anlarından və qollarından danışıb.
Qeyd edək ki, Georgi Adamiya "Neftçi"yə 2005-ci ilin yanvarında cəlb olunub. Onun ilk sınağı Birlik Kuboku olub. Rusiyanın paytaxtı Moskvada keçirilmiş yarışın yarımfinalında gürcüstanlı hücumçu flaqmanın Ermənistan çempionu "Pünik" üzərində 2:0 hesablı qələbəsində pay sahibi olub. Həmin matçda qollardan birini Adamiya vurub. Həmin il "ağ-qaralar"ın heyətində Azərbaycan çempionu olan Adamiya 2006-ci ildə Birlik Kubokunu qazanıb, 2007-ci ildə isə vitse-çempion olub. 2008-ci ildə isə o, "Neftçi"ni tərk edib.