
"Sumqayıt" klubunun qapıçısı Mehdi Cənnətovun "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XX tur matçında qovulmasına səbəb olan epizodun videogörüntüləri yayılıb.
Sportnet.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının operatorları həmin anları daha dəqiq qeydə alıblar. Görüntülərdən məlum olur ki, "Neftçi"nin müdafiəçisi Mamadu Mboc 76-cı dəqiqədə bərabərlik qolunu vurduqdan sonra komanda yoldaşı Kirilo Petrov rəqibin oyuna tez başlaması üçün topu mərkəzə aparmağa çalışır. Lakin bu zaman Cənnətov topu ona vermək istəmir. Onların arasında yaranan top dartışması dağıstanlı qolkiperin ukraynalı oyunçuya dirsək zərbəsi endirməsi ilə nəticələnir. Bunu görən gənc referi Rəşad Əhmədov isə ona birbaşa qırmızı, Petrova isə sarı vərəqə göstərir.
Qeyd edək ki, görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:1.