Azərbaycanlı FIFA referisi Tahir Süleymanovun "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişində Azərbaycan Premyer Liqasında XX turun "Sumqayıt" - "Neftçi" matçının baş hakimi Rəşad Əhmədov haqda fikirləri birmənalı qarşılanmayıb.
Sportnet.az-ın məlumatına görə, gənc referinin atası, keçmiş futbol hakimi Rövşən Əhmədov sabiq həmkarına sosial şəbəkə vasitəsilə cavab verib.
Süleymanovun "Gənc baş hakim Sumqayıtda oyunu zay etdi" fikirlərinə cavab olaraq, Rövşən Əhmədov yazıb: "O yazdığın "gənc hakim" hələ hakimlər otağında oturub əlini başına vurub ağlamayıb. O, elə kişinin oğludur ki, hamının üzünə dik baxır".
Keçmiş məşqçi Tofiq Mustafayev isə məsələyə müdaxilə edərək, ata Əhmədova Süleymanovun iradlarına hörmətlə yanaşmağı tövsiyə edib.
Qeyd edək ki, Rövşən Əhmədov "hakimlər otağında oturub əlini başına vuraraq ağlayan hakim" deyərkən Tahir Süleymanovu nəzərdə tutub. Bir müddət əvvəl yayılmış kadrlara əsasən, Süleymanov vaxtilə Tovuzda "Turan"ın oyununu idarə etdiyi vaxt təzyiqlərə dözməyərək, ikinci hissəyə çıxmaq istəməyib.