“Növbəti bir neçə il ərzində oynayacağım yer barədə qərar verməklə böyük bir rahatlama oldu. Azərbaycanda keçirdiyim vaxt maddiyyat baxımından yaxşı deyildi və bu, çətin və alçaldıcı zamanlar idi”.
Sportnet.az frettabladid.is saytına istinadən xəbər verir ki, bunu “Qarabağ”la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verən İslandiya yığmasının qapıçısı Hannes Halldorsson vətənində “Valür” klubu ilə 4 illik müqavilə bağladıqdan sonra deyib.
34 yaşlı qolkiper Azərbaycanda keçirdiyi günlər haqda kitab yaza biləcəyini söyləyib: “Artıq asiyalı agentim və digərləri ilə çoxsaylı görüşlər keçirməyəcəyimi bilmək mənim üçün xoşdur. Orada keçirdiyim zaman haqqında kitab yaza bilərəm və mümkün olan kimi bunu edəcəyəm”.
Halldorsson “Qarabağ”da əsas heyətə düşə bilmədiyi üçün oynamaqdan ötrü ac olduğunu deyib: “Mənim İslandiyadan və digər ölkələrdən başqa təkliflərim vardı. Lakin karyeramı burada başa vurmaq imkanı yarandı və seçimimdən razıyam. Fikrimcə, oynamaq üçün indi olduğu qədər heç vaxt bu qədər “ac” olmamışam. Ümid edirəm ki, bura gəlməyim əvvəlki keyfiyyətlərimi qorumaqda kömək olacaq. Avropa və dünya çempionatlarında çıxış etməyə ümid bəsləyirəm. Yaxın bir neçə il ərzində evə dönmək planı həmişə vardı. Qərarımdan sonra özümü çox yaxşı hiss edirəm”.
Qeyd edək ki, Hannes Halldorsson ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə cəmi 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Həm də peşəkar rejissor olan təcrübəli qapıçı mövsüm başa çatmamış Ağdam təmsilçisi ilə yollarını ayırıb ("Report").