Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu XXIII turun açılış matçında "Rubin"ə qarşı forma geyinib. Samarada keçirilmiş matçda meydana start heyətində çıxan Şeydayev 81-ci dəqiqədə yerini komanda yoldaşı Denis Tkaçuka verib.
Görüş isə "Krılya Sovetov"un qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 56-cı dəqiqədə Anton Zinkovski vurub.
Bu qələbə sayəsində Şeydayevin komandası ən azı bir günlük 11-ci pilləyə yüksəlib. Hazırda "Krılya Sovetov"un aktivində 27 xal var. "Rubin" isə 30 xalla 8-cidir.