İtaliyanın "Yuventus" klubunun futbolçusu Andrea Bartsalyi cari mövsümün sonunda peşəkar futbol karyerasını bitirəcək.
"Report" xəbər verir ki, bu barədə "Sky Sport Italia" nəşrinə 37 yaşlı müdafiəçinin özü bildirib.
"Karyeramı iyunda bitirəcəyəm. Bu barədə çox düşündüm. Futbolçular üçün gələcəyə baxmaq çox çətindir, lakin tez-tez zədə almağa başladıqda, bununla məşğul olmalı olursan. Futbol çox dəyişib və indi çoxlu gənc futbolçular yetişib, eləcə də "Yuventus"da. Onlara həmişə hazır olmağı və daha təcrübəli insanları dinləməyi məsləhət görürəm", - deyə bildirib.
Qeyd edək ki, Andrea Bartsalyi karyerasına 1998-ci ildə başlayıb. Müdafiəçi bu müddət ərzində "Askoli", "Kyevo", "Palermo" və "Volfsburq" klublarında oynayıb, 2011-ci ildə isə "Yuventus"a keçib və onunla yeddi dəfə ardıcıl A Seriyasının qalibi olub. Müdafiəçi 2004 - 2017-ci illərdə İtaliya yığmasına çağrılıb, 2006-cı ildə isə dünya çempionu olub.