Azərbaycan millisinin qapıçısı Emil Balayev "Tobol" klubunun heyətində Qazaxıstan Premyer Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, V turda Kostanay təmsilçisi səfərdə "Okjetpes"lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 42-ci dəqiqədə "Keşlə" və "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Nika Kvekveskiri vurub. 56-cı dəqiqədə Maksim Fedin fərqi artırıb. 65-cı dəqiqədə Arturas Julpa qırmızı vərəqə alaraq, "Tobol"u azlıqda qoyub. "Okjetpes" say üstünlüyündən 90-cı dəqiqədə yararlanıb. Balayev Tanat Nuserbayevdən dönən topu çıxarmağa çalışsa da, bunu bacarmayıb və dirəyə dəyən top qapıya daxil olub. Beləliklə, azərbaycanlı qolkiper ardıcıl ikinci oyunda yanlışlığa yol verərək, qapısında qol görüb. Balayev ötən tur "Aktobe"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda daha kobud səhvlə yadda qalmışdı.
Qeyd edək ki, bu qələbə sayəsində "Tobol" xallarını 15-ə çatdırıb və vahid liderə çevrilib.