
"Komandadan razı qaldım. Oyuna çox ciddi hazırlaşmışdıq, istəkli idik. Bu oyunu Tale Heydərov üçün oynayırdıq".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Keşlə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.
Kapitanın sözlərinə görə, ikinci hissədə daha yaxşı çıxış ediblər: "Sözü bir yerə qoyub qələbə qazanmaq üçün meydana çıxmışdıq. Komandada matçın əvvəlində gərginlik var idi. Amma fasilə zamanı məşqçilər sakitləşməyimizi və təmkinli, rahat oynamağımızı söylədi. İkinci hissədə məşqçilərin dediklərini yerinə yetirdik, ilk qolu vurduq, ardınca ikinci qol gəldi, hesabı daha çox artıra bilərdik. Sonlarda hesab 3:1 və ya 2:2 də ola bilərdi. Qələbə qazandığımız üçün sevincliyik.
- Tale Heydərov üçün oynadığınızı dediniz, amma 13 il komandaya rəhbərlik etmiş şəxsə, hələ kubok hədiyyə edə bilməmisiniz. Bəs bu il Azərbaycan Kubokunu qazana bilərsiniz?
- Doğru vurğuladınız, biz kubok qazana bilməmişik. Biz klubu sıfırdan yaradan şəxs üçün heç nə edə bilməmişik. Onun etdiklərinin qarşılığında biz ona heç nə verə bilməmişik. Futbola və digər idman növlərinə hər cür dəstək göstərir, lazım olan hər şeyi edib, amma biz onun üçün birşey qazanmamışıq. Bu adamı yaralayır. Çalışacağıq ki, Azərbaycan Kubokunu qazanaq. Onun bu şəkildə klubdan ayrılması da bizi çox üzdü.
- Prezidentin istefasını gözləyirdinizmi?
- Heç kim bunu gözləmirdi. Bu barədə heç nə danışılmırdı. Sona 5 tur qalmış belə bir qərar verildi. Mövsümün sonunda deyirlər ki, nəsə olacaq. Amma yatıb yuxudan oyanırsan və görürsən ki, belə birşey baş verib.
- Bəs bundan sonra necə olacaq, kluba yeni prezident gələcəkmi? Komanda yoluna davam edəcək?
- Gərginlik olmalıdır, bu normaldır. Biz gözümüzü açandan Tale Heydərovu preziden kimi görmüşük. O klubu sıfırdan yaradıb. Bizim üçün onun yerinə kimin gələcəyini düşünmək çətindir. Onun yerinə kimin gələcəyini təsəvvür edə bilmirik.
- Bu gün tribunalarda 1000-ə yaxın "Qəbələ" azarkeşi var idi, bu nə ilə bağlı idi?
- Bu gün hər kəs Tale Heydərov üçün bir yerə yığılmışdı.
- Öz oyunla nağlı nə deyə bilərsən? İkinci hissədə əvəzləndin, bu nə ilə bağlı idi....
- Oyunun 70-ci dəqiqəsində yorulduğumu hiss edirdim, baş məşqçi də məni əvəzlədi.
- Tale Heydərovun istefasından sonra kubokda necə oynayacaqsınız, bu qərar komandanın motivasiyasına təsir etməyəcək?
- Onun gedişi komandaya pis təsir etsə də, biz bundan sonrakı hər matçı Tale Heydərov üçün oynayacağıq.