
Hollandiyanın "Tvente" klubu bir ildən sonra yenidən Erediviziyaya vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, II Divizionun XXXVI tur matçında Rotterdam "Sparta"sı PSV-nin gənclərdən ibarət komandasına 0:2 hesabı ilə uduzaraq, Enshede təmsilçisinə turnir vədvəlində çatma şanslarını itirib.
"Tvente" 2009-2010 mövsümündə çempion olub. Həmin vaxt komandada Azərbaycan yığmasının sabiq hücumçusu Vaqif Cavadov da yer alıb. Komandanın aktivində 3 ölkə kuboku və 2 Superkubok da var.
Zəngin tarixə malik klub 1974-1975 mövsümündə UEFA Kubokunun finalına yüksəlsə də, Almaniyanın "Borussiya" (Monhenqladbax) komandasına iki oyunun yekununda uduzub - 0:0, 1:5. "Tvente"nin heyətində Ronald de Bur, Lük De Yonq, Eden Azar kimi futbolçular da çıxış edib.