2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətinə yeni futbolçular cəlb edib.
"Report" xəbər verir ki, Sumqayıt akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalanıb. Rüfət “Sumqayıt”da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.
U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub.
Qeyd edək ki, Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.