
Braziliyalı dünya çempionu Ronaldinyo eyni vaxtda Pristsilla Koelyo və Beatris Souza adlı iki qadınla yaşayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Pristsillanın anası Mariya Aldenis Sos Santos açıqlama verib. O bildirib ki, bundan xəbər tutduqda az qala öləcəkmiş: "Mən Ronaldinyoya qəzəbli idim. O, mənim qızımı sevməli və qayğısına qalmalı idi. Amma sonradan Pristsillaya daha birini əlavə edib. Bu, ailəm üçün biabırçılıq idi. O, yalnız özünü düşünürdü, bu hərəkətinin hansı qalmaqala səbəb olacağını fikirləşmirdi".
Anasının sözlərinə görə, Pristsilla belə vəziyyətə düşməyə layiq olmasa da, Ronaldinyonu çox sevdiyi üçün günüsünü qəbul edib. Mariya Aldenis sabiq futbolçunun evində iki qoşaçarpayılı yataq otağının olduğunu da açıqlayıb. Bunlardan birində keçmiş hücumçu Pristsilla ilə, digərində isə Beatris Souza ilə yatıb. O, qadınlarla növbə ilə gecələyib: "Ronaldinyo hər iki həyat yoldaşına oxşar münasibət bəsləyib, bərabər miqdarda pul xərcləyib və eyni hədiyyələri alıb. Bir dəfə bu, "Rolex" saatları olub. O, səyahətə gedəndə də hər ikisini aparıb. Pristsella tez-tez video-əlaqə vasitəsilə mənə zəng edərək, Ronaldinyonun onlara necə dəbdəbəli həyat bəxş etdiyini göstərirdi. Qızım məni otelə dəvət etdiyi vaxt Beatris də orada idi. Onlar həmişə gülür və xoşbəxt olduqlarını, bir-birilərinə hörmətlə yanaşdıqlarını deyirdilər. Düşünürdüm ki, xoşbəxtdirlərsə, deməli, hər şey elə də pis deyil".
Mariya Aldenis onu da bildirib ki, Ronaldinyo hər iki qadınla evlənmək və qeyri-rəsmi mərasim təşkil etmək istəyib. Lakin ötən ilin dekabrında Pristsilla futbolçunun onu vurduğunu bildirərək, anasının yanına qayıdıb. O, Ronaldinyonun digər qadınla yazışmasını da tapdığını bildirib. Həmin vaxt məşhur oyunçu günlərlə öz evində gecələməyib.
3 gün gözlədikdən sonra anasının yanına məyus qayıdan Pristsilla heç kimin onu işə götürməməsi səbəbindən "Uber" sürücüsü kimi çalışmağa məcbur olub.
Mariya Aldenis deyib: "Ronaldinyo düşünürdü ki, istədiyi qədər qadın saxlaya bilər. Amma nə qədər məşhur olursansa-ol, insanlarla belə davranmaq olmaz. Pristsella xoşbəxt idi, amma Ronaldinyo hər şeyi dağıtdı".