“Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Komandanın düşərgəsində zədəli futbolçunun olmaması sevindirici haldır. Yalnız mənim belə problemim var idi. Artıq bu çətinliyi arxada qoyaraq komanda ilə məşqlərə başlamışam. Yüksək səviyyədə keçdiyimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu baş tutub. Bu tip matçlar üçün hər şey normal olub. Hazırlığı bu tempdə davam etdirməliyik”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Davit Volkov Türkiyənin Bolu şəhərindəki hazırlıq prosesi barədə klubun rəsmi saytına açıqlamasında deyib. Gürcüstanlı yarımmüdafiəçi komandanın yenidən formalaşmasına da münasibət bildirib: “Heyət yenidən formalaşır. Komandamızda yeni oyunçular çoxdur. Gənc futbolçular çox çalışmalı, oynamalıdırlar. Onlar məşqçilərin tapşırıqlarını dəqiq yerinə yetirməlidirlər. Hesab edirəm ki, bunu etsələr, hər şey yaxşı olacaq”.
Volkov “Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsi şanslarına da toxunub. Yarımmüdafiəçi ilk oyunda Andorra “Enqordani”sini 6:0 hesabı ilə məğlub edən Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını rəqib kimi görür: "Böyük ehtimalla, “Dinamo” ilə qarşılaşacağıq. Bu komanda son oyunlarda ardıcıl uğurlu nəticələr qazanıb. Tbilisi təmsilçisi çox yaxşı oyun nümayiş etdirir, güc futbolu sərgiləyir. Bu rəqiblə bərabər mübarizə aparacağıq. Şansları yarıbayarı qiymətləndirirəm. Matça kim daha yaxşı hazırlaşıb, qarşılaşmada üstün olsa, qalib gələcək. Komandamızda yaxşı əhval-ruhiyyə var. “Dinamo” güclüdür və onu məğlub edə bilmərik kimi düşüncəmiz yoxdur”.