"Əlimizdən gələni edib xal götürmək istəyirdik. Bir xal bizim üçün yaxşı nəticə olardı. Oyuna pis başlamadıq, amma standart vəziyyətdən buraxdığımız qol bizi geri saldı".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Qara Qarayev Uels yığmasına 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyunundan sonra deyib. 27 yaşlı yarımmüdafiəçi bildirib ki, komandası ilk yarıda yaxşı təsir bağışlayıb: "Mübahisəli deməzdim, dəqiq penalti epizodumuz oldu, onu da referi vermədi. İlk hissədə 2 top geridə olmağımız bizim də motivasiyavımızı aşağı saldı. İlk hissədə yaxşı oynadıq, rəqibi əks-hücumda yaxaladıq. Bir neçə təhlükəli vəziyyət yaratdıq. İkinci hissə ilə bağlı deyilənlərə haqq qazandırıram. İlk yarıda penalti verilsəydi, necə olacağını demək çətindir. Motivasiya baxımından bizim üçün faydalı olacağdı".
Qarayevin sözlərinə görə, Kardiffdə 2:1 hesabı ilə uduzduqları oyunla müqayisədə rəqibin 2 top fərqi ilə önə keçməsi onların planlarını pozub: "Əvvəlki görüşlərdə də 1 top geridə olanda daha mübariz oynayırdıq. Bəhanə gətirmək istəmirəm, ikinci hissədə yorğunluq da vardı".
Kapitanın fikrincə, videotəkrar sistemi olsaydı, nəticə də fərqli olardı: "Son 25 ildə belə qrupumuz olmayıb. Ümumilikdə, komandamız yaxşıdır. Yığmamızın həmişə İspaniya millisi ilə müqayisə olunmasını istəmişəm. Sizin hansı komandanı nəzərdə tutduğunu bilmirəm".
Təcrübəli oyunçu noyabrın 19-da səfərdə Slovakiya ilə keçirəcəkləri son oyun barədə də danışıb: "Hazırda futbolçular üçün çox çətin dönəmdir. Formal xarakterli oyuna gedirik. Müsbət nəticə qazanmağa çalışacağıq. Bir futbolçu kimi belə görüşlərə hazırlaşmağa çətinlik çəkirik".