Bir günlük istirahətin ardından məşqləri bərpa edən “Sumqayıt” bu gündən etibarən “Qarabağ”la oyunun hazırlıqlarına start verib.
Sportnet.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”da məşqə çıxıb.
Zədəsini sağaldan Vüqar Mustafayev və Şəhriyar Əliyev kollektivlə birgə məşqlərə başlayıb. Bundan başqa, əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıqlara cəlb olunub.
1.5 saat davam edən hazırlıq prosesinin ilk hissəsində fiziki gücün artırılması yönündə məşqlər edilib. Daha sonra, müxtəlif toplu çalışmalar icra edilən məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” qarşılaşması 23 fevral, saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.