İngiltərə Premyer Liqası avqustadək bərpa olunmasa və növbəti mövsümün nə zaman başlayacağına aydınlıq gəlməsə, bizim klubun pulu qurtaracaq. Bu, faktdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Börnli"nin sahibi Mayk Qarlik "Sky Sports"a açıqlamasında deyib. O bildirib ki, digər klubların əvəzinə danışa bilməz: "Hərəsinin maliyyə durumu fərqlidir. Amma öz klubumuz barədə əminliklə açıqlama verə bilərəm. Məhz buna görə mövsümün nə zaman davam etdiriləcəyi tarixi bilməliyik".
Qarlik çempionatın davam etdirilməsinin lehinə olduğunu da vurğulayıb: "Biz buna səs vermişik. Fikrimcə, hamı başlanmış işi sona çatdırmaq istəyir. Aydındır ki, bu, nə qədər tez baş versə, klublar üçün də o qədər yaxşı olar. Hamımız üçün yeganə düzgün çıxış yolu mövsümü başa çatdırmaqdır".
Klub rəhbərinin sözlərinə görə, Premyer Liqa bərpa olunmayacağı təqdirdə, 50 milyon funt sterlinq itirəcəklər. Hazırda o, əmək haqlarının ən azı 30 faiz azaldılması məqsədilə futbolçularla danışıqlar apardıqlarını açıqlayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2019/2020 mövsümü koronavirus pandemiyası üzündən qeyri-müəyyən müddətə dayandırılıb. 29 oyundan sonra "Börnli" 39 xalla 10-cu yerdə gedir.