İtaliyada video-konfrans formatında A Seriyası klublarının iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, toplantıda çempionatın mayın 31-də başlanılacağına dair optimist fikirlər irəli sürülüb. Məşqlərə isə mayın 4-də start verilməsi planlaşdırılıb.
Təşkilatçılar ümid edirlər ki, oyunları hər üç gündən bir keçirməklə cari mövsümü iyulun sonlarında və ya avqustun 3-də yekunlaşdıra biləcəklər. Daha sonra komandalara istirahət və hazırlıq üçün bir ay vaxt veriləcək. Növbəti mövsüm isə sentyabrın əvvəllərində başlanacaq.
Lakin koronavirus pandemiyasının ən nəhəng mərkəzinə çevrilmiş regionların təmsilçiləri "Milan", "İnter", "Atalanta" və "Breşiya" neytral meydanlarda məşq edib oynamalı olacaqlar. Əksər iştirakçılar matçların azarkeşsiz keçirilməsini istəyiblər. Onların fikrincə, fanatların tribunalara qayıdışlarını düşünmək üçün tezdir.
Qeyd edək ki, İtaliya A Seriyası martın 9-da dayandırılıb.