Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin (İK) növbəti onlayn iclası keçiriləcək.
Bu barədə Sportnet.az-a İK üzvü Mahir Məmmədov bildirib. Onun sözlərinə görə, toplantının gündəliyindəki məsələlərdən biri Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı olacaq: "Bilirəm ki, gündəlik hazırlanır. İclasın dəqiq vaxtı barədə əlavə məlumat veriləcək. Müzakirə mövzularından biri çempionatın dayandırılması və ya davam etdirilməsi ilə bağlıdır".
M.Məmmədov hazırkı şəraitdə Premyer Liqanın bərpasının nə dərəcədə mümkünlüyü ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib: "Təəssüf ki, ölkəmizdə epidemioloji vəziyyət yüngülləşməyə doğru getmir. UEFA ilə birbaşa təmasda olan şəxs AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur. Bu gün Premyer Liqanın bərpasının mümkün olub-olmadığını deyə bilmərəm. Mənə bir qədər vaxt lazımdır".
Qeyd edək ki, daha əvvəl Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. Lakin paytaxt Bakı da daxil olmaqla, bir sıra bölgələrdə həftəsonları sərt karantin rejiminin tətbiqi ilə əlaqədar oyunların və ya məşqlərin keçirilməsi baxımından problemlər yaranıb. Bu səbəbdən, çempionatın dayandırılma variantının da olduğuna dair fikirlər səsləndirilir.