"Vorskla" klubunun baş məşqçisi Yuri Maksimov Ukrayna Kubokunun finalında Kiyev "Dinamo"su ilə keçirəcəkləri oyundan danışıb.
Sportnet.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis paytaxt təmsilçisinin rəsmi saytına müsahibəsində iki il öncə "Keşlə"nin sükanı arxasında Azərbaycan Kubokunu qazandığını xatırladıb.
Həlledici görüşdə həmyerlisi Roman Qriqorçukun başçılıq etdiyi "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etmiş Maksimov favoritlərin heç də hər zaman qalib gəlmədiyini bildirib: "Dinamo" "Dinamo"dir. Biz döyüşdə azyaşlı oğlanlar olmaq istəmirik. Hərdən belə də olur ki, bir komanda güclü görünür, amma digəri qələbə qazanır. Axı, "Vorskla" 2009-cu ildəki finalda "Şaxtyor"u məğlub etmişdi".
"Vorskla" ilə "Dinamo" arasındakı final matçı iyulun 8-də keçiriləcək.
Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında "Keşlə"yə rəhbərlik edib.