Türkiyə Kubokunda "Trabzonspor" və "Alanyaspor" komandaları arasında keçiriləcək final matçının vaxtı və yeri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. Qərara əsasən, qarşılaşma iyulun 29-da İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda təşkil ediləcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da çalınacaq.
Türkiyə Super Liqasında növbəti mövsüm isə sentyabrın 11-də başlayacaq və 2021-ci il mayın 16-da yekunlaşacaq. Bununla əlaqədar yay transfer dövrü avqustun 4-dən sentyabrın 5-dək davam edəcək.
Superliqa klubları 2020/2021 mövsümündə maksimum 14 legionerlə müqavilə bağlaya biləcəklər. Onlardan biri 1 yanvar 1996-cı il və sonra doğulan futbolçulardan olacaq və yalnız 8-i start heyətdə yer alacaq. Bundan başqa matçın 21 nəfərlik iştirak ərizəsində aşağı yaş qruplarından yetişmiş 1 yanvar 1998-ci il və sonra anadan olmuş bir oyunçunun olması tələbi qoyulacaq.
2021/2022 mövsümündə legioner sayı maksimum 12, onlardan ən azı biri 1 yanvar 1998-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 7-si, aşağı yaş qrupundan isə 1 yanvar 2020-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır.
2022/2023 mövsümündə legioner sayı maksimum 10, onlardan ən azı biri 1 yanvar 2000-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 6-sı, aşağı yaş qrupundan isə 1 yanvar 2022-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır.