Türkiyənin "Eskişehirspor" klubunda 2010 - 2012-ci illərdə çıxış etmiş və az müddətdə meydanda olmuş əcnəbi futbolçularla bağlı araşdırma aparılıb.
Sportnet.az xəbər verir ki, "Anadolu" qəzetinin siyahısında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq müdafiəçisi Rəşad Sadıqov da var.
Nəşr bildirib ki, 2010/2011 mövsümünün transferləri arasında "Qarabağ"dan "Eskişehirspor"a keçən Rəşad Sadıqov ən çox diqqət mərkəzindəki futbolçu olub. Lakin mövsümün əvvəlində komandaya qoşulan müdafiəçi qışda Türkiyədən ayrılıb.
38 yaşlı sabiq oyunçu Superliqada cəmi 5 oyunda 90 dəqiqə meydanda ola bilib. Sadıqov "Gənclərbirliyi", "Fənərbağça", "Ankaragücü", "Karabükspor" və "Başakşehir"lə matçlarda iştirak edib.
"Eskişehirspor"da ən az çıxış etmiş futbolçu isə macarıstanlı Akos Elekdir. Bu komandaya 2012-ci ildə icarə əsasında "Videoton"dan gətirilmiş Macarıstan millisinin sabiq üzvü 3 matçda 32 dəqiqə iştirak edib.
Qeyd edək ki, 2011-ci ildən "Qarabağ"da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub. O, iyulun 15-də Ağdam klubu ilə vidalaşdığını da açıqlayıb. Sabiq müdafiəçinin "Zirə"yə baş məşqçi təyin olunacağı gözlənilir.