
İspaniya "Real Madrid"i və "Sevilya"sının futbolçularında koronavirus aşkarlanması həmin komandaların avrokuboklardakı çıxışına mane olmayacaq.
Sportnet.az-ın məlumatına görə, UEFA yaydığı açıqlamada hər iki klubla əlaqədə olduğunu və hadisələrin inkişafını izlədiyini bildirib.
Daha əvvəl Madrid təmsilçisinin hücumçusu Mariano Diasın virusa yoluxduğu üzə çıxıb. Əndəlus klubu isə koronavirus testi müsbət çıxan oyunçusunun adını açıqlamayıb.
Qeyd edək ki, "Real Madrid" avqustun 7-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə İngiltərənin "Mançeter Siti" komandası ilə qarşılaşacaq. İspaniyadakı ilk matçda "şəhərlilər" 2:1 hesablı qələbə qazanıblar.
"Sevilya" isə avqustun 6-da Avropa Liqasının 1/8 final mərhələsində İtaliya "Roma"sı ilə oynayacaq. Almaniyanın Duysburq şəhərində keçiriləcək qarşılaşma 1 oyundan ibarət olacaq.