Norveç "Molde"si Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyunun Kiprin Larnaka şəhərinə salınması qərarına münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, klubun direktoru Ole Erik Stavrum "Sporten.com" nəşrinə açıqlamasında bunun ən yaxşı həll yolu olduğunu söyləyib.
Onun sözlərinə görə, Kipr pandemiya baxımından sarı zonada yerləşir və gediş-gəliş zamanı komanda üzvləri karantinə alınmayacaqlar: "Amma vəziyyət dəyişə də bilər. Biz hər şeyə hazırıq. İstənilən halda, qərara görə sevinirik. Çünki uçuş və otel rezervasiyası barədə düşünməyə vaxtımız olacaq".
Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Bu raundun oyunları 22-23 və 29-30 sentyabr tarixlərində olacaq.