Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku UEFA Çempionlar Liqasında IV turun İspaniya "Barselona"sı ilə ev oyununu cəza üzündən buraxa bilər.
Sportnet.az-ın "Sport.es"ə istinadən məlumatına görə, səbəb rumıniyalı mütəxəssisin Kataloniya təmsilçisi ilə III tur matçında VAR hakimlərini təhqir etməsidir. Bu görüşdə "Barsa" 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra Luçesku VAR-ın qəti əleyhinə olduğunu bildirib. Onun fikrincə, belə bir sistem olmasaydı, futbol daha baxımlı görünərdi.
İki komanda arasında növbəti görüş noyabrın 24-də Kiyevdə olacaq.
Qeyd edək ki, 3 turdan sonra "Barselona" 9 xalla G qrupunun lideridir. İtaliya "Yuventus"u 6 xalla 2-cidir. "Dinamo" və Macarıstan "Ferentsvaroş"u isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.