
UEFA AVRO-2020-nin oyunlarını stadiondan izləyəcək azarkeşlərin məcburi vaksinasiyasını planlaşdırmır.
Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin Rusiya mətbuatına açıqlama verib.
Turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin sədri bildirib ki, UEFA peyvənd məsələsini sonrakı tarixə təxirə salmaq istəyir: "Suallar çoxdur və vəziyyət tez-tez dəyişir. Martın sonu - aprelin əvvəlində koronavirusla bağlı durumun necə olacağı vacibdir. Məcburi aşılamanı hələ UEFA nəzərdən keçirməyib. Fikrimcə, peyvəndlə bağlı hər hansı sənədin məcburi istifadəsi barədə danışmaq çətindir. Çünki bu, insan hüquqları ilə əlaqəlidir. İnanıram ki, insanlar vəziyyətə məsuliyyətli yanaşacaqlar. Bu, hər kəsin fərdi səviyyədə verməli olduğu qərardır".
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.