Hollandiyalı baş hakim Danni Makkeli Serbiya yığması ilə dünya çempionatının seçmə oyununun uzatma dəqiqələrində Portuqaliya millisininn qolunu saymadığı üçün üzr istəyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə qonaq komandanın baş məşqçisi Fernandu Santuş açıqlama verib. Santuş bildirib ki, Makkeli matçın ardından epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq edib: "O, hələ meydandaca mənə görüntülərə baxmaq və əsas olarsa, üzr istəmək niyyətində olduğunu dedi. Belə də oldu, üzr istədi".
Həmin epizodda sayılmayan qolun müəllifi Kriştianu Ronaldu referiyə sərt etiraz etdiyi üçün sarı vərəqə alıb. Oyundan sonra isə Ronaldu kapitan sarğısını yerə çırpıb. 36 yaşlı hücumçu şəxsi instaqramında bunları yazıb: "Portuqaliya yığmasının kapitanı olmaq həyatımda ən böyük fəxarət və imtiyazlarımdan biridir. Həmişə ölkəm üçün hər şeyimi verirəm və bu, heç vaxt dəyişməyəcək. Lakin elə çətin anlar olur ki, xüsusən bütün millətimizin əzab çəkdiyini hiss edirik. Başınızı qaldırın və elə indicə növbəti çağırışı qəbul edin! İrəli, Portuqaliya"!
Qeyd edək ki, Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda hər iki komanda A qrupunda 4 xalla ilk 2 pillədə qərarlaşıb. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Serbiyanı qəbul edəcək.