
"Həyəcanlı qarşılaşma oldu. Çətin səfər matçı idi, bilmirəm hesaba necə reaksiya verək. Çətin rəqibə qarşı yaxşı futbol alındı".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXII turunda səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis həddindən artıq qol epizodları yaratdıqlarını, amma yararlana bilmədiklərini söyləyib: "Axıra kimi döyüşəcəyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ötən oyunla müqayisədə 3 dəyişiklik etmişdik. Buna səbəb oyunçulardan psixoloji təzyiqi götürmək idi. Mövsümün axırıdır, bəlkə kimdəsə belə təəssürat yarana bilər ki, "Neftçi" "Sumqayıt"a onun səhvindən uduzub. Təzyiqi aradan qaldırmaq üçün dəyişiklik etməyə məcburuq".
Abasov qalan 6 oyunda ən yaxşısını etmək üçün əllərindən gələni ortaya qoyacaqlarını diqqətə çatdırıb: "Futbolçular qələbəni həqiqətən istəyir və bundan ötrü can yandırırdılar. Bəzi epizodlarda riski oynayırdılar ki, bu da qalib gəlmək istəyi ilə bağlı idi. İkinci hissədə meydana hücumçu buraxdıq, istədik ki, daha kəsərli olaq. Yusuf Laval bir az yorulmuşdu, ona görə onu əvəzlədik. Hücumlarda və müdafiədə istəniləni vermirdi. Ön xətdə daha aktiv olmaq üçün Əhməd Əhmədovu oyuna buraxdıq. Təəssüf ki, 3 xal qazana bilmədik. Lakin əl-qolumuzu sallamağa ixtiyarımız yoxdur".
Baş məşqçi Lavalla problemlərinin olmadığını və yazılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: "Bu, gülünc iddiadır. Nələrsə yazmalıdırlar ki, kimlərsə oxusun. Həqiqətən gülməlidir. Deyirəm ki, elə şey yazanları aktyor, rejissor edək, jurnalist yox. Olmayan şeyi yazıb ictimaiyyətə təqdim edirlər. Yazan sağ olsun, bizi bir az şənləndirdi".
Abasov Aqil Məmmədovun yüngül zədəsi olduğunu sözlərinə əlavə edib: "Səlahət Ağayevi qapıya qoymağımın səbəbi bu deyildi. Bəzi oyunçular bir az təzyiq hiss etməyə başlayıblar, biz də bunu aradan qaldırmağa çalışırıq. Vəziyyət çətindir, bütün oyunçular təzyiq altındadır. "Neftçi"nin hansı azarkeş kütləsinə sahib olduğunu bilirsiniz. Hər səhv təyziqə səbəb olur və futbolçular da bunu eşidirlər. İkinci qola dəqiq baxmalıyam. Qola ətraflı baxandan sonra kimin səhv etdiyini deyə bilərəm".
Mütəxəssis yeni transfer Əhməd Əhmədovun oyunu haqqında bunu söyləyib: "Məncə, ondan başqa digər oyunçular da qol epizodlarını boşa verdi. Məşqçilərin işi oyunçularını təzyiqdən aralı tutmaqdır. Bu gün oyunçularımızı itirə bilmərik".