
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün sonuncu oyununda 3-4-cü pillələrdə qərarlaşan "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
Zirə İdman Kompleksinin stadionundakı matç qolsuz yekunlaşıb. Komandalar bu nəticədən sonra xallarının sayını 33-ə çatdırıb.
Qeyd edək ki, günün ilk oyunlarında "Qarabağ" səfərdə "Qəbələ"ni 5:0, "Keşlə" isə evdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
--------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, çempionluğa iddialı "Neftçi" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"dakı matçda qalib müəyyənləşməyib - 2:2.
Görüşdə hesabı 24-cü dəqiqədə Təmkin Xəlilzadənin penaltidən vurduğu qolla meydan sahibləri açıblar. Cəmi 6 dəqiqə sonra Ramil Şeydayev 2-ci topu qonaqların qapısından keçirib. 36-cı dəqiqədə Namik Ələskərov buraxılan qollardan birinin əvəzini çıxıb. İlk hissə bu hesabla başa çatıb. 58-ci dəqiqədə "Sabah" azlıqda qalıb. Bəhlul Mustafazadə Anton Krivotsyuka qarşı kobudluqdan sonra ikinci sarı vərəqəni görərək meydandan qovulub. Təyin olunan penaltini dəqiq yerinə yetirən Ələskərov həm tarazlığı bərpa edib, həm də çempionatda qollarının sayını 18-ə çatdıraraq bombardirlik yarışında zirvədəki yerini möhkəmlədib. 66-cı dəqiqədə "Neftçi"nin yaponiyalı ulduz futbolçusu Keysuke Honda fərqlənsə də, baş hakim ofsayd səbəbindən qolu qeydə almayıb. "Sabah"ın heyətində 86-cı dəqiqədə Filip İvanoviç, 1 dəqiqə sonra isə Təmkin Xəlilzadə ikinci sarı vərəqə ilə meydanı tərk edib.
Bu nəticədən sonra xallarını 47-yə çatdıran "Neftçi" ikinci pillədəki yerini qoruyub. "Sabah" isə 22 xalla yeddincidir.
Qeyd edək ki, günün ilk oyunlarında "Qarabağ" səfərdə "Qəbələ"ni 5:0, "Keşlə" isə evdə "Səbail"i 1:0 hesabı ilə məölub edib. Hazırda ikinci hissəsi oynanılan "Zirə" - "Sumqayıt" matçında isə hesab açılmayıb.
-----------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Keşlə" "ASK Arena"da "Səbail"lə qarşılaşıb.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə Rəhman Hacıyev vurub.
Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Keşlə" son pillədən xilas olub və 6-cı sıraya yüksəlib. 21 xalı olan "Səbail" isə 7-ci pilləyə geriləyib.
Qeyd edək ki, günün ilk matçında "Qarabağ" Qəbələdə eyniadlı komandanı darmadağın edib - 5:0. Hazırda davam edən "Sabah" - "Neftçi" görüşündə ilk hissə oynanılır və Masazır təmsilçisi 2:1 hesabı ilə öndədir. Turun son matçı saat 20:00-da "Zirə" və "Sumqayıt" komandaları arasında olacaq.
------------------------
Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 5:0.
Hesabı 64-cü dəqiqədə Xayme Romero açıb. Bundan 4 dəqiqə sonra isə Qara Qarayev fərqi artırıb. Son üç qolu isə 87-ci, 90-cı və 90+1-ci dəqiqələrdə Mahir Emreli vurub. Zədədən sonra meydana dönən Emreli bununla da qollarının sayını 16-ya çatdırıb və bombardirlər siyahısında "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərova çatıb.
Lakin o, 90+4-cü dəqiqədə penaltini yerinə yetirə bilməyib. Emrelinin poker istəyinə zərbəni qaytaran "Qəbələ"nin qapıçısı Anar Nəzirov mane olub.
Bu görüşdə həm də "Qarabağ" itki ilə üzləşib. İlk yarıda sarı vərəqə alan yarımmüdafiəçi İsmayıl İbrahimli cəzalı duruma düşüb. Sarı vərəqə limitini aşan 23 yaşlı oyunçu mayın 4-də "Zirə" ilə ev matçını buraxmalı olacaq.
Beləliklə, iki turdan sonra yenidən qələbə qazanan "Qarabağ" xalını 50-yə çatdırıb və ən yaxın izləyicisi "Neftçi"dən 4 xal aralanıb.
Qeyd edək ki, hazırda "Keşlə" - "Səbail" görüşü keçirilir. Saat 19:15-də "Sabah" - "Neftçi", saat 20:00-da isə "Zirə" - "Sumqayıt" matçları start götürəcək.
----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bütün oyunlar eyni gündə gerçəkləşəcək.
Lider "Qarabağ" "Qəbələ"nin qonağı olacaq. Ağdam təmsilçisi 23 oyuna 47 xal toplayıb. "Qırmızı-qaralar" isə 24 xalla 5-ci pillədə qərarlaşıb. Bu, komandaların çempionatda 50-ci görüşü olacaq. Əvvəlki 45 qarşılaşmanın 25-də "köhlən atlar", 10-da isə meydan sahibləri qələbə qazanıb, 14 matçda heç-heçə qeydə alınıb. Topların fərqində də ölkə çempionu üstündür - 71:42. “Qəbələ” Premyer Liqadakı son 11 oyunda rəqibinə qalib gəlməyib. “Qarabağ” isə ardıcıl 10 matçdır meydanı qolsuz tərk etmir.
Günün ikinci matçında autsayder "Keşlə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 20 xalla 8-ci sıradadır, qonaqlar isə 21 xalla 6-7-ci yerləri bölüşdürür. Bu, rəqiblərin 15-ci çempionat matçı olacaq. 7 oyunda "Səbail", 3-də isə "Keşlə" 3 xal əldə edib. Topların fərqi qonaq komandanın xeyrinədir - 17:12. “Səbail” Premyer Liqa son 6 oyunda rəqibə uduzmayıb. "Keşlə" 5 ev qarşılaşmasında xal qazanmayıb.
Çempionluğa iddialı digər komanda "Neftçi" "Sabah"la üz-üzə gələcək. Flaqman 46 xalla 2-ci pillədədir, meydan sahibləri 6-7-ci yerləri bölüşdürür. "Sabah" Premyer Liqadakı 10 matçın heç birində "Neftçi"ni məğlub edə bilməyib. Bu görüşlərin yalnız birində heç-heçə qeydə alınıb. Topların fərqində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 21:3.
Günün son matçında 32 xalla 3-4-cü pillələrdə qərarlaşan "Zirə" və "Sumqayıt" komandları qarşılaşacaq. Əvvəlki 22 oyunun 10-da paytaxt klubu, 6-da isə "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb. Topların fərqində də "Zirə" üstündür - 29:21.
“Zirə” 5 oyundur rəqibinə qalib gəlmir. Komandalar arasında son iki görüş heç-heçə başa çatıb.
Azərbaycan Premyer Liqası
XXIV tur
25 aprel (bazar)
17:00. “Qəbələ” – “Qarabağ” - 0:5
Qollar: Xayme Romero, 64. Qara Qarayev, 68. Mahir Emreli, 87; 90; 90+1
İstifadə olunmamış penalti: Mahir Emreli, 90+3 ("Qarabağ")
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
18:00. “Keşlə” –“Səbail” - 1:0
Qol: Rəhman Hacıyev, 51
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”
19:15. “Sabah” – “Neftçi” - 2:2
Qollar: Təmkin Xəlilzadə, 24 (penalti). Ramil Şeydayev, 30 - Namik Ələskərov, 36; 60 (penalti)
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 58 ("Sabah")
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
20:00. “Zirə” – “Sumqayıt” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu