
UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, İngiltərənin "Çelsi" komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.
"Zadəganlar" finalda "Mançester Siti" üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub.
Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasını əldə etmə şansını qaçırıb. "Çelsi" isə 9 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub. London təmsilçisi həmçinin 2019-cu ildə Bakıda Avropa Liqasını qazanıb.
Komandalar oyunu itkilərlə başa vurublar. "Çelsi"dən braziliyalı müdafiəçi Tyaqo Silva 37-ci, "Mançester Siti"dən isə belçikalı yarımmüdafiəçi Kevin De Brüyne zədələnərək, əvəzlənməli olub.
-----------------------
Bu gün UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə İngiltərə təmsilçiləri üz-üzə gələcəklər.
Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda oynanılacaq matçda "Mançester Siti" və "Çelsi" komandaları qitənin ən güclüsünü müəyyənləşdirmək üçün mübarizə aparacaqlar. İspaniyalı FIFA referisi Antonio Mateu Laosun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA daha əvvəl final oyununun Türkiyənin İstanbul şəhərində olacağını açıqlasa da, sonradan pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən matçın yerini dəyişdirib.
Bu görüş Çempionlar Liqasında 3-cü ingilis finalı kimi tarixə düşəcək. 2007/2008 mövsümündə "Mançester Yunayted" və "Çelsi", 2018/2019 mövsümündə isə "Liverpul" və "Tottenhem" klubları həlledici oyunda qarşılaşıblar. "Şəhərlilər" bunadək "zadəganlar"a qarşı 3 finalın hər birində qalib gəliblər.
Oyun öncəsi komandaların heyətində zədəli və cəzalı futbolçu yoxdur.
UEFA Çempionlar Liqası
23:00. "Mançester Siti" (İngiltərə) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Kay Haverts, 42
Baş hakim: Antonio Mateu Laos
Portuqaliya, "Draqau" stadionu.
Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi Almaniya "Bavariya"sıdır.