"Neftçi" Polşanın "Visla" (Plotsk) klubuna keçən sabiq futbolçusu Anton Krivotsyukun təqdimatı zamanı Azərbaycanın və flaqmanın bayrağına hörmətsizliklə bağlı Plotsk təmsilçisinin rəhbərliyinə irad bildirib.
Bu barədə Sportnet.az-a açıqlamasında paytaxt klubunun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, artıq sözügedən video bütün sosial platformalardan və yutubdan silinib: "Bizə dedilər ki, həmin detallara fikir verməyiblər. Səhvlərini etiraf etdilər və videonu sildiklərini söylədilər".
Allahverdiyev bu barədə Krivotsyukun özü ilə də danışığın olduğunu söyləyib: "Antonla da söhbətimiz oldu. Həmin vaxt bu məsələ onun da ağlına gəlməyib. Əsas odur ki, problem aradan qalxdı".
Qeyd edək ki, Anton Krivotsyuk "Visla" ilə 2 illik müqavilə bağlayıb. Futbolçunun təqdimat videosunda Azərbaycanın və "Neftçi"nin bayraqları yerə atılıb.