Yunanıstan "Olimpiakos"unun futbolçusu Məhəmməd Kamara UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra "Neftçi"nin futbolçusu Namik Ələskərovdan üzr istəyib.
Sportnet.az-ın məlumatına görə, qvineyalı yarımmüdafiəçi bu barədə özünün instaqram səhifəsində paylaşım edib.
Matçın 43-cü dəqiqədəsində Ələskərovu zədələyən 24 yaşlı oyunçu baş verən hadisəyə görə təəssüf hissi keçirdiyini bildirib: "Bağışla məni, qardaşım. Ümid edirəm ki, səhhətinlə bağlı hər şey qaydasındadır".
Qeyd edək ki, Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Namik Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. İlkin müayinədən sonra 26 yaşlı yarımmüdafiəçinin burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb. Futbolçunun əməliyyat olunacağı gözlənilir.
Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.