Azərbaycan milli komandasının Lüksemburqa qarşı start heyətində “Qarabağ”ın 7 futbolçusu var idi. Bu futbolçulardan altısı “Aberdin”ə qarşı oyunun əsas heyətində meydana çıxmışdı. Yalnız Ramil yox idi. Amma ümumilikdə 7 “qarabağlı” va idi. Şotland klubu ilə oyunda sonradan meydanı çıxan Filip Ozobiç də millinin start heyətində idi.
Azərbaycanın heyəti elan olunanda oyunçuların son çıxışlarına və fərdi keyfiyyətlərinə əsasən sistemi təxmini müəyyənləşdirməyə çalışdım. Belə düşünmək olardı ki, əgər meydanda 6 “qarabağlı” varsa taktiki sistemin skeleti də Ağdam komandasındakı kimi qalacaq. Yəni Canni De Byazi sistemi dəyişməyərək 6 futbolçunu “Qarabağda” oynadıqları mövqelərində saxlayacaq, legionerlər Kevin Medinanın mövqeyində Höccət Haqverdini, Kadinin mövqeyində Ozobiçi, Zubirin mövqeyində Azər Salahlını, Xaymenin mövqeyində Emin Mahmudovu, Ramil Şeydayevin mövqeyində də Əli Qurbanini oynadıb eyni taktikadan istifadə edəcək.
Amma “LiveScore” saytına baxdıqda fərqli sxem sxem gördüm: 3-4-3. Az sonra AFFA-nın “facebook” səhifəsində də eyni sxem paylaşıldı (şəkil). Bu xeyli fərqli, eyni zamanda təccüblü idi. Deməli müdafiədəki üçlük sağdan sola Maksim – Höccət – Azər, yarımmüdafiə: Abbas – Emin – Qara – İsmayıl, hücum üçlüsü, Ozobiç – Əli Qurbani – Toral Bayramov.
Lakin bu sistem də aldadıcı ola bilərdi. Əvvəllər bəzi oyunlarda mətbuatda yayılan sxemlə meydanda oynadılan sistem arasında fərqlərə şahidlik etdiyimizdən bu yayılan düzülüşə də şübhə ilə yanaşdım və oyun başlayandan sonra meydandakı oyunçuların yerləşməsinə baxanda yanılmadığıma əmin oldum.
Məsələn, Toral Bayramov heç də sxemdə göstərildiyi kimi hücumçu oynamırdı. Sol cihahı “işlədirdi”. Komanda müdafiə olunarkən “beşli”yə dönürdü və Toral həmin beşli müdafiə xəttinin soluna yerləşirdi. Onun işinin bənzərini, güzgülü əksini sağ cinahda Abbas görməli idi. Bir qədər irəli gedərək deyək ki, Abbas Turaldan fərqli olaraq işinin öhdəsindən gələ bilmədi və hər iki qolda səhvi oldu. Birinci qolda rəqibin yanından ötüb keçməsinə, onu aldatmasına imkan verdi, ikinci qolda da penaltiyə səbəb oldu.
Digər oyunçular da sxemdə göstərilən mövqelərdə oynamırdılar. Ozobiç sxemdə göstərildiyi kimi hücumun sağında yox, Əli Qurbaninin arxasında oynayırdı. İsmayıl yarımmüdafiəni solunda yox sağında idi. Emin mərkəzdə yox, sola meylli idi, Qara bu futbolçularla eyni xətdə yox, bir qədər arxada, “opornı” zonada idi.
Aydın idi ki, baş məşqçinin məqsədi müdafiə olunmaq, qol buraxmamaq və sürətli əks hücumda rəqibi azlıqda yaxalamaqla qol vurmaq idi. Amma qolu erkən buraxmağımız planları pozdu. Qeyd edək ki, bu epizodda əsas səhv Abbasın olsa da, Şahruddinin çıxışı da inamlı deyildi. Düzdü, zərbə qüvvətli idi, vuruş istiqamətini müdafiçi kəsmişdi, yəni görməyə mane olurdu, üstəlik top yerə dəyib qalxdı ki, belə topu da tutmaq qapıçılar üçün çətin olur. Amma Məhəmmədəliyev də ölkənin bir nömrəsidi. Bu isə o deməkdi ki, hər oyunda bir neçə dəfə komandanı xilas etməlisən.
Klassik üçlü müdafiədə bu zonanın oyunçularının hər üçü mövqelərində qalmalıdırlar. Cinahları isə yarımmüdafiəçilər “işlədir”. Amma biz matç zamanı üç dayaq müdafiəçisindən biri olan Azər Salahlının birinci hissədə bir neçə dəfə soldan hücuma qoşulduğuna şahidlik etdik. Daha bilmirəm bu vərdişdən irəli gəlir, yoxsa məşqçinin tapşırığı idi.
Fikrimcə, birinci hissənin ən “zəif bəndi” Abbas Hüseynov və Əli Qurbani idi. Və tamamilə düzgün olaraq fasilədə əvəzləndilər. bu dəyişiklərlə eyni vaxtda baş verən digər əvəzetmə, İsmayılın Namiq Ələsgərovla əvəzlənməsi isə zənnimcə taktiki idi. Yəni müdafiəyə meylli oyunçunun yerinə hücumameyilli oyunçu salındı. Abbası əvəzləyən Krivotsyuk Höccətlə müdafiənin mərkəzində yer aldı, Maksim sağ cinaha çəkildi, Azər Salahlı isə müdafiənin solunda qərarlaşdı. Beləliklə dördü müdafiə ilə oynamağa başladıq. Təkcə müdafiə yox, digər xətlərdə də dəyişiklik baş verdi. Bu Qurbanovun “Qarabağ”da oynatdığı sistemə bənzəyirdi. Zənnimcə əvvəldən bu cür oynamaq lazım idi. Əgər yığmanın start heyətinin 7 üzvü bir klubun oyunçusudursa, amerika kəşf etmək lazım deyil. Elə həmin klubun taktikasında oynamaq yetər. İkinci hissədə göstərilən oyun bu fikirlərin düzgünlüyünü sübut edir.
Taktiki dəyişiklik fasilədən sonra baş verdi. Fasilə zamanı Maksimin bu dəyişiklik üçün müdaxiləsi olubmu? Bilmirəm. Amma onun De Byazi gələndən sonra komanda üzərində tam nüfuz sahibi olması aşkar görünür. Bu yaxşıdır. Kapitan formal yox, əsl lider olmalıdır.
Vüqar MƏMMƏDOV