Sabah “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələnin ilk matçına çıxacaq. U-19 Niderland təmsilçisi AZ ilə görüşəcək.
AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olmuş Famil Xəlilovun başçılıq etdiyi komanda ilk matçı evdə keçirəcək. Görüş Qəbələ şəhər stadionunda olacaq.
Bu, “Qəbələ”nin turnirdə 4-cü startıdır. 2016/17 mövsümündə “Dinamo” (Moskva, Rusiya) səddini keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komanda 2018/19 mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb. 2019/20 mövsümündə APOEL-lə (Kipr) qarşılaşan (1:1, 0:1) "Qəbələ"nin ötən il Şimali Makedoniya “Şkendiya”sı qarşılaşması mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb.
Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti raundda “Çikzereda” (Rumıniya) – “Anje” (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.
29 sentyabr
Çempionlar yolu
1-ci mərhələ, ilk oyun
17:00. “Qəbələ” (Azərbaycan) – “Alkmaar” (Niderland)
Baş hakim: Viktor Kopiyevski
Qəbələ şəhər stadionu