
"Artıq Robert Prosineçkinin rəhbərliyi altında məşqlərimiz uğurla davam edir. İnanıram ki, millimizin oyununda müsbət istiqamətdə ciddi mənada dəyişiklik olacaq. Özünüz də gördüyünüz kimi Prosineçki insan kimi də çox yaxşı təsir bağışlayır". Bunu Sportnet.az-ın Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli komandasının və "Qəbələ"nin futbolçusu Ruslan Abışov deyib.
Təlim-məşq toplanışını dəyərləndirən 28 yaşlı müdafiəçi bildirib ki, əsas məqsəd martın 28-də Bakıda Maltaya qarşı keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına yaxşı hazırlaşmaqdır: "Bu oyunda bütün diqqətimizi yalnız qələbə üçün kökləmişik. Son 2 gündə məşqlərin əsas istiqaməti hücum futbolu üzrədir. Məşq prosesində standart vəziyyətlərə də daha çox diqqət ayrılır. Əminliklə deyə bilərəm ki, bundan sonra millimiz əsasən hücum futbolu nümayiş etdirəcək. Çünki keçdiyimiz məşq presesində verilən tapşırıqlar, aparılan taktiki söhbətlər bunu göstərir”.
Komanda daxilində yaranan müsbət ab-havaya da toxunan Abışov burada baş məşqçi amilinin çox böyük olduğunu deyib: "Prosineçki ilə futbolçular arasında da çox yaxşı münasibət var. Fərdi və komanda şəkilində geniş söhbətlər edir, psixoloji baxımdan futbolçularda böyük inam hissi yaradıb. Bu da gələcək qarşılaşmalarda alınan nəticələrə təsirini göstərəcək".