Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.
Sportnet.az-ın məlumatına görə, Yeni Zelandiyada hökm sürən koronavirus pandemiyası üzündən "Oklend Siti" ölkədən kənara çıxa bilməyəcək. Bu komandanı Taiti təmsilçisi "Pirae" əvəzləyib.
"Pirae" ilk matçını BƏƏ-nin "Əl Cəzirə" klubuna qarşı keçirəcək. Görüşün qalibi 1/4 finalda Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə üz-üzə gələcək. Bu matçın qalibi isə yarımfinalda İngiltərə təmsilçisi "Çelsi"nin önünə çıxacaq.
Daha bir 1/4 final matçı Misir təmsilçisi "Əl Əhli" ilə Meksika "Monterrey"i arasında gerçəkləşəcək. Bu görüşün qalibi yarımfinalda Braziliya "Palmeyras"ına rəqib olacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı 3 - 12 fevral 2022-ci ildə təşkil olunacaq.