"Tibb idmanda vacibdir. Bundan sonra da belə əməkdaşlıqlarımızın davam edəcəyinə dair planlar hazırdır. Ümid edirik ki, yeni əməkdaşlarımız da olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş meneceri Nail Kərimov yeni tibb tərəfdaşı ilə müqavilənin imzalanma mərasimində deyib.
Kərimov bildirib ki, bu əməkdaşlıq klubun bütün yaş qruplarını əhatə edəcək. O, daha əvvəl də bir sıra əməkdaşlıqlara imza atdıqlarını xatırladaraq, tezliklə daha bir tərəfdaşla münasibətləri rəsmiləşdirəcəklərini açıqlayıb. O, hələlik proses davam etdiyi üçün həmin şirkəti açıqlamağı düzgün saymayıb.
Klub rəsmisi digər şirkətlərin də futbola cəlb olunmalarının ənənəyə çevrilmələrini arzuladıqlarını söyləyib.
"West Hospital"ın baş meneceri Coşqun Həşimov isə bildirib ki, hospitalda idman tibbinin yüksək səviyyədə inkişaf etdiyini klub rəsmiləri də görüb: "Əməkdaşlığın təməli təsadüfi tədbirlərin birində qoyuldu. Həmin vaxt kluba belə bir hospitalın fəaliyyətə başladığını bildirəndə bu əməkdaşlığın start götürməsinə dair razılıq əldə olundu. Böyük futbolun kiçik parçası olmağı biz də istərdik. Bir var ki, tribunadan baxaq, bir də var, birbaşa iştirakçı olaq. Ümid edirəm ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf edəcək".
Hospitalda 20-dən çox şöbənin, o cümlədən, cərrahiyyənin də fəaliyyət göstərdiyini vurğulayan Həşimov istənilən cərrahi müdaxilənin yüksək səviyyədə həllini tapacağını vurğulayıb. O, hospitalın loqosunun klub avtobusu, geyimləri, ev oyunlarında stadionlarda yer alacağını, gələcəkdə reklam xarakterli işlərin davam edəcəyini diqqətə çatdırıb.
Sonda tərərflər rəsmi müqaviləyə imza atıblar və bir-birilərinə xatirə forması təqdim ediblər.