Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün son matçında "Neftçi" "Sabah" klubunu qəbul edib.
"Bakcell Arena"da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Voislav Stankoviç açıb. Matçda son nöqtəni isə 50-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Coy-Lens Mikels qoyub.
Bu oyunda "Neftçi"nin yeni transferləri - qapıçı İvan Brkiç, müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və Azər Əliyev "ağ-qaralar"da rəsmi debüt ediblər.
Komandalar arasında cavab qarşılaşması fevralın 12-də Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq.
Qeyd edək ki, 1/4 finalın açılış oyununda "Qarabağ" "Keşlə"ni minimal hesabla məğlub edib - 1:0. Bu raundun ilk matçlarına fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.
---------------------------------------
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu 56-cı dəqiqədə İbrahima Vadji vurub.
"Keşlə"nin heyətində yarımmüdafiəçilər Rafael Məhərrəmli 65-ci dəqiqədə, Fəhmin Muradbəyli isə 80-ci dəqiqədə zədələnib. Oların yerinə meydana müvafiq olaraq Elçin Mustafayev və Bahadur Həziyev daxil olublar.
Yeni transferlər - qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə ilk dəfə "köhlən atlar"ın heyətində rəsmi matçda debüt ediblər.
Komandalar arasında cavab qarşılaşması fevralın 11-də olacaq.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. Fevralın 2-də "Zirə" "Səbail"i, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edəcək
-------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk görüşü "Qarabağ" və kubokun son qalibi "Keşlə" arasında olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 17:30-da başlayacaq. Oyunu Vüqar Həsənli idarə edəcək.
"Qarabağ" və "Keşlə"nin ölkə kubokunda yolu indiyədək 6 dəfə kəsişib. İki komanda arasında baş tutmuş 11 görüşün 7-də "köhlən atlar", 2-də paytaxt təmsilçisi qələbə qazanıb. 2 qarşılaşma heç-heçə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 15:7. Son 4 dueldən qalib ayrılan “Qarabağ” 7 oyundur rəqibinə uduzmur. “Keşlə” sonuncu dəfə 14 il əvvəl qalib gəlib.
Günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək. Saat 19:45-də başlayacaq görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Komandalar bunadək Azərbaycan Kubokunda üz-üzə gəlməyiblər.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
1 fevral (çərşənbə axşamı)
17:30. “Qarabağ” – “Keşlə” - 1:0
Qol: İbrahima Vadji, 56
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu.
19:45. “Neftçi” – “Sabah” - 1:1
Qol: Voislav Stankoviç, 40 - Coy-Lens Mikels, 50
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.