"Səbail" klubunun futbolçuları "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, komandanın kapitanı Rahid Əmirquliyev indiyədək bu rəqiblə sözügedən yarışda iki dəfə qarşılaşaraq uduzduqlarını xatırladıb.
33 yaşlı yarımmüdafiəçi bildirib ki, 2019/2020 mövsümündə "qartallar"a 0:1 hesabı ilə uduzduqları ikinci qarşılaşmada hakim səhvi olub: "Bunlar artıq keçmişdə qalıb. “Zirə” qış fasiləsində daha da güclənib. Düşünürəm ki, hazırlıq prosesində topladığımız güc sayəsində əzmkar mübarizə apararaq, növbəti mərhələyə keçən komanda biz olacağıq”.
"Dənizçilər"in hücumçusu Rauf Əliyev oyuna ciddi hazırlaşdıqlarını və kubokda daha irəli getmək istədiklərini söyləyib: "Buna “Zirə” komandası ilə qarşılaşacağımız üçüncü oyunda nail olmaq və azarkeşlərimizi də sevindirmək istəyirik”.
Paytaxt təmsilçisinin digər forvardı Nikolas Raysel özünə və komandasına güvəndiyini vurğulayıb: "İlin ilk rəsmi oyununda “Zirə” komandası ilə qarşılaşacağıq. Bundan əvvəlki qarşılaşmalardakı məğlubiyyəti unutmuşuq. Komandadakı yüksək enerjini, əzmkarlığı hiss edirəm. Qalib gəlmək mövsümün sonunadək mübarizə aparmaq üçün bizi əlavə motivasiya edəcək. Həm ilk matça, həm da cavab oyununa böyük əzmlə çıxacağıq".
Komandanın gənc yarımmüdafiəçisi Ədilxan Qarəhmədov isə komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: "Hamı bu oyuna ciddi hazırlaşır. Rəqibimizi tanıyır, necə oynadıqlarını bilirik. Hər şey özümüzdən asılıdır. Tək mən yox, bütün komanda olaraq, yarımfinala adlayacağımıza inanırıq. Qələbə üçün meydana çıxacağıq".
Qeyd edək ki, fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" matçı saat 17:00-da başlayacaq.