Aleksey İsayevlə bağlı məsələ klıub daxilində müzakirə edilib.
Bu barədə Sportnet.az-a "Sabah"ın Mətbuat Xidmətindən məlumat verilib.
Paytaxt təmsilçisində 27 yaşlı yarımmüdafiəçi ilə söhbətin olduğu bildirilib: "Bu məsələ klub daxilində müzakirə edildiyindən, ictimaiyyətə məlumat verə bilmərik".
Qeyd edək ki, Aleksey İsayev "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda ona qarşı kobud oynayan Eddi İsrafilovu vurub. Üstəlik, İsayev zərbədən yerə yıxılan İsrafilovun üzərinə yeriyərək, ona iradlar bildirib. Bundan sonra hər iki komandanın futbolçuları hadisə yerinə gəlib. Hazırda "Sabah"da çıxış edən "Neftçi"nin sabiq qapıçısı Səlahət Ağayev də onların arasında olub. Ağayev qonaq komandanın müdafiəçisi Voislav Stankoviçi itələyib. Baş hakim Rəvan Həmzəzadə İsayevə və Ağayevə qırmızı vərəqə göstərib. Referi etirazlardan sonra "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.