"Marsel"ə qarşı layiqli oyun göstərmək və uğurlu nəticə əldə etmək istəyirik".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə səfər oyunu öncəsi Heydər Əliyev aeroportunda deyib,
50 yaşlı mütəxəssis bildirib ki, matça rahat yox, amma çox ciddi hazırlaşıblar: "Yaxşı rəqibə qarşı oynayacağıq. Futbolçuların bu günlərdə inamlı olması üçün çalışırıq. Böyümək istəyiriksə, özümüzə daha çox güvənməliyik. Daim bunu oyunçulara demişik. Əminəm ki, nəticəsini görəcəyik".
Qurbanovun sözlərinə görə, futbolçuların hazırlığı normaldır: "Sadəcə, ola bilər ki, mənimlə danışanda hər şeyə "hə", hazırıq desinlər. Amma futbolçu psixologiyası fərqlidir. Neçə illərdir onları tanıyıram. Bəzən, deməsələr də, narahatlıq hiss edirik. Amma hazırda bunu futbolçularda görmürəm. Bir neçə toplantımız oldu. Hamısı rəqibi çox yaxşı, yaxından tanıdı. Son illərdə onların böyüdüklərini hiss edirəm. Ümid edirəm ki, yanılmıram".
Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.