"Yenə də qol fürsətlərdən istifadə etməkdə çətinlik yaşadıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XVIII tur matçından sonra deyib.
Belaruslu mütəxəssis bildirib ki, epizodların boşa verilməsində kompleks səbəblər var: "Hansısa nüansı fərqləndirə bilmərəm. Burada bəxtsizlik, rəqibin oyunu və ustalıq səviyyəsini də qeyd etmək olar. Yenə qol xanamızda 0 rəqəmi oldu. Əlimizdə olan futbolçulardan nəsə etməyə çalışacağıq. Onlarla işləmək lazımdır. Mövsümün sonunda nə edəcəyimizə baxacağıq".
41 yaşlı baş məşqçi hər iki komandanın yaxşı oyun sərgilədiyini bildirib: "Düzdür, nəticələr kifayət qədər mənfidir. Amma mövsüm davam edir. Öz üzrəimizdə işləyəcək, qol vurmaqla bağlı problemi aradan qaldıracağıq. İnanıram ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Futbolda qara zolaq olur. Bu, həm normal, həm də anormal vəziyyətdir".
Baqanın sözlərinə görə, məğlubiyyətdə konkret kimlərisə günahlandırmaq olmaz: "Məğlub oluruqsa, komanda şəklində uduzuruq. Sistemi dəyişmək mümkündür. Lap bir müdafiəçi ilə də oynamaq olar. Bununla heç nə dəyişmir. Məğlubiyyət zəncirvari amillərdən yaranır. Dayaq yarımmüdafiəçiləri, hücumçuların da bunda günahı var. Sistemi dəyişməklə heç nə dəyişməyəcək. Bu, çıxış yolu deyil".
Mütəxəssis meydanın kənarında emosional olduğunu etiraf edib: "Hərdən bunlar paltardəyişmə otağına da sirayət edir. Özümə heç kimi bəyəndirmək fikrim yoxdur".
O, cari mövsümü yola vermədiklərini vurğulayıb: "Növbəti mövsüm barədə fikirlər yoxdur. Paltardəyişmə otağında da dedim ki, kim bu mövsümü yola verməyi düşünürsə, bizimlə olmayacaq. Futboldur, 3 oyun qalib gələndən sonra səni əl üstündə gəzdirir, az qala Yurgen Klopp səviyyəsinə qaldırırlar. Məğlub olanda isə tənqid olunursan. Bunu normal qarşılayıram".