
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya I liqasında debüt edib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu evdə "Şibenik"ə qarşı keçirilən XXVI tur matçının iştirakçısı olub.
Paytaxt klubunda ilk dəfə start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə Komnen Andriçlə əvəzlənib. Emreli birinci hissədə "Dinamo"da ilk qolunu vurmağa yaxın olsa da, qüvvətli zərbəsindən sonra top qapı tirinə tuş gəlib.
Oyun Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 16-cı dəqiqədə Petar Boçkay, 59-cu dəqiqədə Bruno Petkoviç və 76-cı dəqiqədə Martin Baturina vurublar. Bu qələbədən sonra xallarını 53-ə çatdıran "Dinamo" turnir cədvəlində ilk pilləyə yüksəlib.
Qeyd edək ki, Mahir Emreli qış fasiləsində "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.