Cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən "Səbail"in hazırkı vəziyyətdən xilas ola biləcəyinə öz futbolçuları da inanmır.
Sportnet.az-ın məlumatına görə, "dənizçilər"in yarımmüdafiəçisi Əfran İsmayılovun "Neftçi"yə qarşı Premyer Liqanın XVIII tur matçından öncə klubun rəsmi instaqram səhifəsinə müsahibəsi zamanı komanda yoldaşı Rauf Əliyevlə düşdükləri duruma görə zarafat etməsi də bunu deməyə əsas verir.
Vidoedan da göründüyü kimi klubun Mətbuat katibi Mehriban Mürsəlova İsmayılova "Növbəti 10 turda səni və komandanı necə görəcəyik" sualı ünvanlanlayır. Həmin vaxt oradan keçən Əliyev 34 yaşlı yarımmüdafiəçini ələ salmaq məqsədilə ilə ona "Bu barədə nə deyə bilərsiniz" sualı verir.
Özünü itirməyən İsmayılov "Mən bununla, bu futbolçularla növbəti 10 tur haqqında nə deyim? Qarşıdakı turlarda ancaq qaranlıq görürəm" söyləyərək əslində acı reallığı etiraf edib: "İndidən proqnoz vermək olmaz. Amma son sıradan qrutulmaq üçün hər oyuna yüksək motivasiya ilə çıxmaq, xal və ya xallar qazanmaq lazımdır. Bu, bizə də, rəhbərliyə də ağır gəlir. İnanıram ki, bu durumdan çıxacağıq".
Qeyd edək ki, "Neftçi" - "Səbail" görüşü qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Aftandil Hacıyevin baş məşqçi olduğu komanda 18 turdan sonra 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.