UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə növbəti mərhələyə vəsiqə qazanan 2 komandanın adına aydınlıq gəlib. Bunlar Almaniya "Bavariya"sı ilə İngiltərə "Liverpul"udur.
"Bavariya" Avstriyada "Zaltsburq"la 1:1 hesablı heç-heçə etdiyi ilk qarşılaşmanın revanşında böyük hesablı qələbəyə imza atıb - 7:1. İlk 3 qolu Robert Levandovski vurub. Polşalı hücumçu 12-ci və 21-ci dəqiqədə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənərək, ən erkən het-trik rekordunu yeniləyib. İlk yarıda daha bir qolu 31-ci dəqiqədə Serj Qnabri vurub.
"Bavariya" fasilədən sonra da üstünlüyünü davam etdirib. 54-cü və 83-cü dəqiqələrdə Tomas Müller "dubl" edib. Son nöqtəni isə 85-ci dəqiqədə Leroy Sane qoyub. "Zaltsburq"un təsəlli qoluna 70-ci dəqiqədə Maurits Kyerqor imza atıb.
"Liverpul" isə İtaliyada 2:0 hesabı ilə yendiyi "İnter"ə öz meydanında minimal hesabla uduzub. Yeganə qolu 62-ci dəqiqədə Lautaro Martines vurub. Bundan 1 dəqiqə sonra ALeksis Sançes qırmızı vərəqə alaraq, İtaliya klubunu azlıqda qoyub. Qalan müddətdə qapılara qol vurulmayıb. Beləliklə, "Liverpul" iki oyunun yekununda daha üstün olduğu üçün mərhələ adlayıb.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 mart
00:00. "Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1
Qol: Lautaro Martines, 62
Qırmızı vərəqə: Aleksis Sançes, 63 ("İnter")
Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)
İlk oyun - 2:0
00:00. "Bavariya" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 7:1
Qollar: Robert Levandovski, 12 (pen.); 21 (pen.); 23. Serj Qnabri, 31. Tomas Müller, 54; 83. Leroy Sane, 85 - Maurits Kyerqor, 70
Baş hakim: Klement Turpin (Fransa)
İlk oyun - 1:1.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər cavab oyunları martın 9-da, martın 15-də və martın 16-da gerçəkləşəcək.
-----------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Liverpul" İngiltərədə İtaliya "İnter"ini qəbul edəcək. İlk matçda Mersisayd təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərində Tyaqo Alkantara zədə səbəbindən oynamayacaq. Joel Matip və Roberto Firminonun görüşdə iştirakı sual altındadır. Milan klubunda isə Nikola Barella cəzalıdır.
Gecənin digər oyununda "Bavariya" Almaniyada Avstriya "Zaltsburq"u ilə görüşəcək. Tərəflər arasındakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen klubunda qapıçı Manuel Noyer, yarımmüdafiəçilər Leon Qoretska, Alfonso Deyvis və Korenten Tolisso zədəli olduqları üçün oynamayacaqlar.
Zaltsburq təmsilçisində isə Jerom Onqyuene, Seku Koyta və Benyamin Şeşko eyni səbəbdən matçı buraxacaqlar.