
"Sabah bizi çətin oyun gözləyir. Çox yaxşı hazırlıq keçmişik".
Sportnet.az-ın məlumatına görə, bunu Kiprin "Aris" klubunun baş məşqçisi Aleksey Şpilevski evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Belarusdan olan mütəxəssis "ağ-qaralar"ın yaxşı komanda olduğunu bildirib: "Neftçi"nin kifayət qədər avrokubok təcrübəsi var. Amma bu o demək deyil ki, rəqibdən qorxuruq. Sona qədər mübarizə aparacağıq. Rəqibə hörmətlə yanaşırıq, amma ondan çəkinmirik".
34 yaşlı baş məşqçi Azərbaycan təmsilçisini yaxşı analiz etdiklərini söyləyib: "Neftçi"nin yeni baş məşqçisi, üslubu və transferləri var. Amma onlara qarşı müəyyən plan hazırlaşmışıq. Yaxşı oyun keçirəcəyimizə inanıram. Evdə çıxış edəcəyimiz üçün azarkeşlərin bizdən hücum futbolu tələb etməsi normaldır".
Qeyd edək ki, iyulun 21-də "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.