"İlk 20 dəqiqə istədiyimiz kimi getmədi. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda çətinlik çəkdik".
Sportnet.az-ın məlumatına görə, bunu Macarıstanın "Fehervar" komandasının baş məşqçisi Mixael Boris evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, komandası hesab bərabərləşdikdən sonra öz oyununu tapıb: "Nəticədən razıyam. Amma oyun planında heç də hər şey ideal deyil".
O, bundan sonra tamamilə cavab qarşılaşmasına köklənəcəklərini söyləyib: "Səfərdə daha sürətli oyun sərgiləyəcəyik. Bugünkü matçın son 20 dəqiqəsindəki kimi mübarizə aparmağa çalışacağıq. Sabahdan cavab oyununa hazırlaşacağıq".
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə olacaq.